• Cümə, 22 Yanvar, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Şəhid olan polkovnikimizi yaxından tanıyaq - VİDEO

Suqovuşanda üz-üzə döyüşdə erməni zabitini məhv edən cəsur əsgər - VİDEO

Video əlavə olunub.

***23:53

Onun həmişə işlətdiyi bir cümlə var idi - Azərbaycan əsgərinin üç yolu var - ya qalib, ya qazi, ya da şəhid olmalıdır. Azərbaycan əsgərinin başqa yolu yoxdur. Əsgərimizin qüdrətini, cəsarətini özündə birləşdirən bu cümlənin müəllifi bu gün Suqovuşanda minaya düşərək şəhid olan polkovnik Babək Səmidlidir.

Kazus.az xəbər verir ki, Səmidli Babək Mətləb oğlu 1974-cü ildə Göyçayda anadan olub.

Azərbaycan Ordusunun önəmli simalarından olan polkovnik Səmidlinin döyüş yolu birinci Qarabağ müharibəsinə qədər gedib çıxır. O, hələ əsgər ikən Qarabağ savaşının iştirakçısı olub.

Türkiyənin Kara Harp Okulunun 1997-ci il məzunu olan 46 yaşlı şəhidimiz Aprel döyüşlərinin də iştirakçısı olub, böyük qəhrəmanlıq, şücaət göstərib. 4 gün davam edən həmin döyüşlərdə iştirak edən Babək Səmidli Ağdam istiqamətində yaralanmışdı.

"Bizim əsgərlər bir daha səngərdən üzü yuxarı baxmamalıdır, dağların üstündə, ucalarda oturmalıdır. Bir canımız var, Allah nə yazıbsa, o da olacaq. Mən imkan vermərəm ki, o şəhidlərin ruhu qarşısında, qazilərin qanı qarşısında qorxaq, döyüşdən imtina edənlər rahat yaşasın" deyəndə Babək Səmidli artıq Vətən müharibəsinin qalib zabitlərindən biri idi.

Maraqlıdır ki, Babək Səmidli şəhid olmamışdan bir gün öncə Göyçaya gəlib, öz ailə üzvləri ilə görüşərək yenidən xidmət yerinə qayıdıb. Ondan geriyə iki oğlu yadigar qaldı. Babək Səmidlinin atası Mətləb Səmidli həkim, qardaşı Müşfiq Səmidli isə Fövqəladə Hallar Nazirliyin zabitidir.

1-ci Ordu korpusunun komandiri, general-mayor Hikmət Həsənovun müavini olan şəhid polkovnik Vətən müharibəsində Talış və Suqovuşan istiqamətində döyüşüb, həmin torpaqların düşmən işğalından azad olunmasında böyük şücaət göstərib.

Onu da qeyd edək ki, Babək Səmidli bundan öncə Ağcabədi və Füzulidə "N" saylı hərbi hissələrdə Qərargah rəisi vəzifəsində çalışıb. Bundan başqa, Lənkəranda hərbi polisin rəisi olub. Babək Səmidli Tovuzda tabor komandiri vəzifəsində fəaliyyət göstərib. Korpus komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində də çalışan Babək Səmidli polkovnik rütbəsini 2018-ci ildə alıb. 

Torpaqlarımızın işğaldan azad olunması ilə Babək Səmidlinin dediyi kimi, Azərbaycan əsgəri həm şəhid, həm qazi, həm də qalibdir. Babək Səmidli isə qalibiyyəti görən şəhiddir.

Ruhun şad olsun, cənab polkovnik!