• Şənbə, 24 Oktyabr, 2020
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Tərtər bu vəziyyətdədir - VİDEO

Ali Baş Komandan: "Onların ordusu qaçır"

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu ağır artilleriya ilə atəşə tutmaqda davam edir.

Kazus.az-ın məlumatına görə, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Düşmən oktyabrın 10-u saat 12:00-dan bu günədək dinc sakinləri yenidən hədəf alaraq top mərmiləri atır.

Oktyabrın 11-də Tərtər rayonu ərazisinə 10-a yaxın top mərmisi düşüb.

Məlumata görə, sentyabrın 27-dən oktyabrın 12-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atılan top mərmiləri nəticəsində ümumilikdə Tərtər rayonunda 103 mülki ev tamamilə dağıdılıb, 500-ə yaxın evə ziyan dəyib.

Bundan başqa, 51-dən çox yaşayış binasındakı mənzillərə, 31 ticarət obyektinə, 12 məktəbə, 3 uşaq bağçasına, 10-a yaxın inzibati binaya zərər dəyib.

Ümumilikdə düşmən tərəfindən atılan top mərmiləri nəticəsində Tərtər rayonu ərazisində 40 mülki şəxs yaralanıb, 9 nəfər ölüb.

"Report"un əməkdaşı ilə söhbət edən rayonun Şıxarx qəsəbə sakini bildirib ki, sentyabrın 27-dən oktyabrın 12-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərinin artilleriya atəşinə tutması nəticəsində qəsəbə ərazisindəki yaşayış binalarına xeyli ziyan dəyib.

O vurğulayıb ki, düşmən tərəfindən törədilən terror əməllərinə baxmayaraq, qəsəbə sakinləri evlərini tərk etməyib.

Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Tərtər, Ağdam və Goranboy rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Tərtər rayonunun Kəngərli kəndində top mərmilərinin partlaması nəticəsində 1970-ci il təvəllüdlü Bəylərov Firudin Kamal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

​​​​​​