• Şənbə, 24 Oktyabr, 2020
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Zakir Həsənov Ermənistanın təxribatının detallarını açıqladı

Ali Baş Komandan: "Onların ordusu qaçır"

“Saat 6-ya bir neçə dəqiqə qalmış erməni silahlı qüvvələri Füzuli, Cəbrayıl, Tərtər və Ağdam rayonlarının kəndlərini artilleriyadan atəşə tutub. Dağıntılar, əhali arasında yaralananlar və itkilər olub”.

Kazus.az xəbər verir ki, bunu sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasında Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

O bildirib ki, hərbi hissələrin ön xətti də atəşə tutulub: “Eyni vaxtda Ağdam, Füzuli, Cəbrayıl istiqamətindən düşmənin silahlı qüvvələrinin cəmləşməsi müşahidə olunub və onların hücuma hazırlaşdığı müşahidə edilib. Əməliyyat şəraiti nəzərə alınaraq, ilk növbədə, Sizə məruzə olunmuşdur. Əməliyyat şəraitini nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirib.

Əks-hücum əməliyyatı nəticəsində düşmənin ön xətti yarılmışdır. Mənə indi əlavə məlumat da verdilər, yeddi kənd işğaldan azad olunmuşdur. Məsləhətdirsə adlarını burada qeyd edim?

Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdurrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd kəndləri azad edilmişdir. Azərbaycan Ordusu digər istiqamətlərdə uğurlu əks-hücum əməliyyatı həyata keçirir və düşmən böyük itkilər verərək geri çəkilir. Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Ordusunun zərbələri həm ön xətdə, həm də düşmənin tam dərinliyində həyata keçirilir. Siz qeyd etdiyiniz kimi, ən müasir silahlar tətbiq olunur və biz düşmənin müqavimətini o qədər də güclü görmürük. Düşmən tam şəkildə geri çəkilir”.