• Şənbə, 17 Aprel, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Azərbaycanın əməkdar mədəniyyət işçisi vəfat etdi

Qubadlının Məmər kəndi - VİDEO

Azərbaycanın əməkdar mədəniyyət işçisi Həsən Həsənov vəfat edib.

Kazus.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 71 yaşında dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, Həsən Nəsib oğlu Həsənov 1950-ci il iyul ayının 7-də Gürcüstanın Bolnisi rayonunun (Borçalı mahalının) Faxralı kəndində anadan olub. 1957-ci ildə Faxralı kəndində orta məktəbə gedib, 1968-ci ildə orta məktəbi bitirib. 1969-cu ildə Bakı şəhər 1 nömrəli texniki peşə məktəbinə daxil olub. 1970-ci ildə peşə məktəbini fərqlənmə diplomu ilə bitirib, 6-cı dərəcəli çilingər peşəsinə yiyələnib.

1970-ci ildə Bakı Kitabxanaçılıq texnikumunun Mədəni Maarif şöbəsinin “Özfəaliyyət teatr kollektivinin rəhbəri” fakultəsinə daxil olub. 1971-ci ildə həqiq hərbi xidmətə çağırıldığı üçün təhsilini yarımçıq qoyub hərbi xidmətə yollanıb. Hərbi xidmət illərində SSRİ-nin yaradılmasının 50 illiyinə həsr olunmuş həvəskar sənət müsabiqəsində iştirak etmiş, laureat nişanı ilə təltif olunub. Hərbi xidməti bitirdikdən sonra Bakıya gəlib təhsilini davam etdirib və texnikumu fərqlənmə diplomu ilə bitirib. Texnikumda oxuduğu illərdə Əbilov adına Mədəniyyət evinin xalq teatrının truppasına daxil olub. Burada bir neçə əsərdə baş rolun ifaçısı olub. Sabit Rəhmanın “Toy” komediyasında Surxay, Həsən Seyidbəylinin “Sən nə üçün yaşayırsan?” pyesində professor Səməd və s. rolları canlandırıb.

1976-cı ildə Mirzə ağa Əliyev adına İncəsənət İnstitutunun Mədəni Maarif fakultəsinə daxil olub, 1981-ci ildə institutu bitirib.

Həsən Həsənov 40 illik sənət fəaliyyəti dövründə müxtəlif yerlərdə çalışıb. 1977-1983-cü illərdə Faxralı kənd orta məktəbində musiqi müəllimi işləyib. 1981-1986-cı illərdə A.S.Puşkin adına Tiflis Pedaqoji institutunda "Azərbaycan dili və ədəbiyyat kafedrası"nda "İncəsənət Tarixi"ndən mühazirələr oxuyub. 1986-1988-ci illərdə Bolnisi rayonu Cəfərli kənd Mədəniyyət evində direktor vəzifəsində çalışıb. 1988 ci ildə Marneuli şəhər Mədəniyyət evinə bədii rəhbər vəzifəsinə təyin olunub. 1990-cı ildə Gürcüstandan Azərbaycana gəlib. Elə həmin ildə Bakı şəhərində Term zavodunda klub müdiri, altı aydan sonra həmin zavodun Mədəniyyət sarayında bədii rəhbər vəzifəsində çalışıb.

Həsən Həsənov 1992-1994-cü illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrında sərəncamçı direktor vəzifəsində çalışıb. 1994-cü ildə Dövlət Gənclər teatrına sərəncamçı direktor vəzifəsinə təyin olunub. 2006-2009-cu illərdə Dövlət Gənclər Teatrında dirketor vəzifəsində çalışıb. 2009-cu ildə Dövlət Gənc Tamaşaçılar teatrında direktor müavini vəzifəsində çalışıb. 2010-2014-cü illərdə Mingəçevir Dövlət Dram Teatrında direktor vəzifəsində çalışıb. 2013-cü ildə "Avropa Nəşr Mətbu Evi" mükafat komissiyasının qərarı ilə "Ən yaxşı vətənpərvər teatr direktoru" seçilib və qızıl medalla təltif olunub.

2014-2017-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrında direktor müavini vəzifəsində çalışıb. 2017-ci ildən "Audiokitab" layihəsinin rəhbəri olub. 3 may 2011-ci idə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar Mədəniyyət işçisi fəxri adına layiq görülüb.