• Cümə axşamı, 5 Avqust, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Politoloq: "Qoşulmama Hərəkatına növbəti dəfə sədrlik Azərbaycanın uğurlu fəaliyyətinin nəticəsidir"

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatdı

“Azərbaycanın beynəlxalq təşəbbüsləri Qoşulmama Hərəkatının nüfuzunun artmasında çox önəmli rol oynadı”.

Kazus.az Axeber.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Yusif Bağırzadə Qoşulmama Hərəkatının (QH) Xarici işlər nazirlərinin 2021-ci il 13 iyul tarixində keçirilmiş aralıq konfransı və konfransda Prezident İlham Əliyevin çıxışını şərh edərkən deyib.

O bildirib ki, konfransın keçirilməsində əsas məqsəd Hərəkatın Bakı Zirvə Görüşündən ötən müddət ərzində Hərəkat üzvlərinin birgə səyləri ilə qlobal çağırışlara qarşı mübarizədə əldə olunmuş irəliləyişləri və bu istiqamətdə atılacaq növbəti addımları müzakirə etmək olub. 33 ölkənin xarici işlər naziri səviyyəsində təmsil olunduğu konfransda Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin yüksək vəzifəli nümayəndələri iştirak edib.

"Konfransın əvvəlində Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin tədbir iştirakçılarına video-müraciəti səsləndirildi və Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində həyata keçirilmiş uğurlu təşəbbüslər barədə məlumat verərək, Azərbaycan Respublikasının QH-yə sədrliyi çərçivəsində Hərəkatın beynəlxalq nüfuzunun və təsirinin gücləndirilməsi istiqamətində səylərin davam etdiriləcəyini bildirdi. Ölkə başçısı Azərbaycan ərazilərinin Ermənistan işğalından azad edilməsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi və onun nəticələri barədə QH üzv dövlətlərinə məlumat verərək, Azərbaycanın əldə etdiyi qələbənin beynəlxalq hüquq, ədalət və Qoşulmama Hərəkatının fundamental dəyərlərinin zəfəri olduğunu vurğulayıb. Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal dövründə Azərbaycan ərazilərində törədilmiş vəhşiliklər barədə məlumat verən dövlət başçısı, işğal illərində, eləcə də Vətən müharibəsi dövründə ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına nümayiş etdirdikləri davamlı dəstəyə görə QH üzv dövlətlərinə minnətdarlıq ifadə edib". 

Politoloq qeyd edib ki, bu il Qoşulmama Hərəkatının yaradılmasının 60 illiyi yubileyidir: "Üzvlərinin sayına görə BMT-dən sonra ikinci ən böyük beynəlxalq qurum hesab olunan Qoşulmama Hərəkatının təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından, mürəkkəb qlobal çətinliklər Hərəkatın aktuallıq və əhəmiyyətini daha da artırıb. Azərbaycan 10 il əvvəl Qoşulmama Hərəkatına üzv olub. Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazanıb. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə edilib.

Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan bir sıra mühüm təşəbbüslərlə çıxış edib. Xatırlayırsınızsa, 2019-cu ilin oktyabr ayında Azərbaycan Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünü uğurla təşkil etdi. Ötən müddət ərzində ölkəmiz beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb. Prezidentin də qeyd etdiyi kimi, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib. Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşünün keçirilməsi təşəbbüsü irəli sürülmüş və 2020-ci il mayın 4-də həmin tədbir təşkil olunmuşdur. Təmas Qrupunun dünyanın müxtəlif regionlarını təmsil edən üzvləri ilə yanaşı, onlayn Zirvə görüşündə BMT-nin Baş katibi, BMT Baş Assambleyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı Komissiyasının sədri, Avropa İttifaqının Ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti də iştirak etmişdir. Görülən işlər nəticəsində Hərəkata üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır ki, bu gün də Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv ölkələrin mövcud ehtiyaclarının müəyyənləşdirilməsi üçün həmin məlumat bazasını istinad mənbəyi kimi istifadə edir".    Yusif Bağırzadənin sözlərinə görə, Azərbaycanın sədrliyi qismində növbəti uğur Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsinin təklifi ilə bağlı oldu: "Ümumilikdə həmin təşəbbüs BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənib və 2020-ci il dekabrın 3-4-də Xüsusi Sessiya baş tutub. Qlobal səhiyyə böhranı fonunda Azərbaycanın “peyvənd millətçiliyi”nə qarşı mövqeyi də olduqca təqdirəlayiq idi. Xatırlayırsınızsa, Azərbaycan ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınadı. Çünki rəsmi məlumatlardan da məlum olduğu kimi bu günədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb, azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir. Belə münasibət inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olur. Bu məsələyə münasibətdə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib.   Sədrliyi dövründə Azərbaycan digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına da müvəffəq olub. Tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə iştirak ediblər. Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyib. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edir. Sonuncu konfrans həm də cənab Prezidentin postpandemiya dövrü ilə bağlı önəmli təkliflərlə çıxışı ilə də yadda qaldı. Prezident konkret təkliflərlə çıxış edərək bildirdi ki, pandemiyadan sonra bərpa mərhələsinə dair fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin müəyyən edilməsi baxımından Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsi faydalı ola bilər: "Pandemiyadan irəli gələn çətinliklərin mürəkkəbliyini nəzərə alaraq, Qoşulmama Hərəkatı tərəfindən COVID-19-dan sonra qlobal bərpaya dair BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması təşəbbüsü ilə çıxış edilməsi məqsədəmüvafiq olardı. Həmin panel dünyanın pandemiyadan daha yaxşı şəkildə çıxması üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlaya bilər”.

Politoloq vurğulayıb ki, həqiqətən postpandemiya dövründə ölkələrin əlaqəli şəkildə fəaliyyət göstərməsi olduqca zəruridir: "Belə ki, pandemiya dünya iqtisadiyyatına sarsıdıcı zərər vurub. Dünyada ümumi daxili məhsulun həcmi azalıb. Elə sektorlar var ki, pandemiyanın ora vurduğu zərbə ölçüyəgəlməz dərəcədə böyükdür. Məsələn, elə turizm sektorunu götürək. Halbuki, pandemiyaya qədər bəzi ölkələrin milli gəlirinin formalaşmağında turizm sektoru mühüm çəkiyə malik olub. İndi həmin sahələrdə böhran yaşanır. Ümumiyyətlə, pandemiyanın dünya iqtisadiyyatına vurduğu zərəri aradan qaldırmaq üçün illər lazımdır. Bütün bunları tez bir zamanda aradan qaldırmaq çətin olacaq. Ona görə də ölkələr birgə təşəbbüslərlə çıxış etməlidir. Postpandemiya dövrü ilə bağlı əlaqələrini koordinasiya etməlidirlər.

Göründüyü kimi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə olduqca böyük həcmli işlər görülüb və heç şübhəsiz ki, cənab Prezidentin təşəbbüsü ilə həyata keçirilən fəaliyyət həm də Qoşulmama Hərəkatının nüfuzunun artmasına xeyli təsir göstərib. Məhz elə bu cür fəaliyyətin nəticəsidir ki, son Nazirlər Konfransında Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycanın daha bir il müddətinə, yəni 2023-cü ilin sonuna qədər hərəkata sədrlik etməsi ilə bağlı qərar qəbul olundu".